Dünyada tək
Bu keyfiyyətlərlə ASELSAN dünyada tankı təchiz edə biləcək bütün elektronikanı istehsal edə bilən yeganə şirkət olub. ASELSAN tərəfindən bütün məhsulların mexaniki, elektron, optik və proqram təminatının inkişaf etdirilməsi sayəsində bütün bölmələr arasında əlaqə ən səmərəli şəkildə təmin edilir.

Məsələn, Tank Lazer Xəbərdarlıq Sistemi tərəfindən aşkar edilən təhlükə haqqında məlumat eyni vaxtda Atəşi İdarəetmə Sistemi, Uzaqdan İdarə Olunan Silah Sistemi, Komanda İdarəetmə Sistemi və Aktiv Mühafizə Sisteminə ötürülə bilər. Bu yolla istifadəçi əsas silahını və ya uzaqdan idarə olunan silahını təhlükəyə doğru istiqamətləndirə və tədbir görə bilər. İstifadəçi bu məlumatı Komanda və İdarəetmə Sistemi vasitəsilə digər dəstək elementlərinə də ötürə bilər. ASELSAN-ın proqram təminatı sayəsində istifadəçidən gələn əlavə tələblər asanlıqla alt sistemlərə tətbiq oluna bilir.
Bundan əlavə, ASELSAN tərəfindən hazırlanmış sistemlərə Quraşdırılmış Təlim Qabiliyyəti daxildir. Quraşdırılmış təlim sistem vahidlərindən istifadə edərək real sistem üzərində alınan təlimi ifadə edir. Bu yolla, real sistem istifadəçisi tankın əməliyyat şəraitində istifadə edilmədiyi zamanlarda müxtəlif ssenarilər işlədərək öz səlahiyyətlərini inkişaf etdirə bilər. Quraşdırılmış təlim qabiliyyətinə malik “Altay” milli döyüş tankında xidmət edən şəxsi heyət istifadə etdiyi platformada təlim keçəcək.
“Akkor” Aktiv Mühafizə Sistemi
“Altay” tankının ən fərqləndirici xüsusiyyətlərindən biri onun sağ qalma qabiliyyətini əhəmiyyətli dərəcədə artıran “Akkor” Aktiv Mühafizə Sisteminə malik olmasıdır. Üstəlik, “Akkor” bu qabiliyyəti aşağı çəki ilə təmin edir. Beləliklə, tankın hərəkətliliyi də maksimum dərəcədə artır. Sağ qalma qabiliyyətini artırmaqla yanaşı, tankların situasiya haqqında məlumatlılıq qabiliyyətində də əhəmiyyətli nailiyyətlər əldə edilir.
Təhdidi aşkar etdikdən sonra bir saniyədən az müddətdə onu zərərsizləşdirən “Akkor” Sistemi dörd komponentdən ibarətdir. Bunlar tanka yaxınlaşan tank əleyhinə raketi aşkar edən və izləyən radar, bütün sistemin aşkarlanması və izlənilməsi məlumatlarını idarə edən mərkəzi idarəetmə kompüteri, əks-tədbir sursatını çox yüksək sürətlə məhvetmə nöqtəsinə yönəldən sursat atıcısı və radiolokasiya tipli partlayıcı ilə təchiz olunmuş sursatlar kimi əsas komponentlərdən ibarətdir.
“Akkor” Sisteminin inkişaf etdirilməsi işləri zamanı mindən çox atış həyata keçirilib. Nəticədə sistem yüksək performans səviyyəsinə çatdırılıb. Son 20 ildə onlarla şirkət və ölkə Aktiv Qoruma Sistemini inkişaf etdirməyə başlasa da, Türkiyədən başqa yalnız iki ölkə inventarlaşdırıla bilən bir sistem inkişaf etdirib.
ASELSAN Dəmir Üçbucağı
ASELSAN-ın “Altay”dakı məhsulları tankçılıqda Dəmir Üçbucaq adlanan Atəş Gücü, Hərəkətlilik və Sağ qalma başlıqları altında qruplaşdırılıb. Aşağıdakı sistemlər bu başlıqlara daxildir:
Atəş gücü
- “Volkan-II” Atəşi İdarəetmə Sistemi
- “Sarp” Uzaqdan İdarə Olunan Silah Sistemi
- NIDGAB (Nişancı İkinci Derece Görerek Atış Birimi) sistemi;
- Tank Ekipajı Təlim Sistemi
- Döyüş Meydanını Tanıma və Tanıtdırma Sistemi
Hərəkətlilik
- Tank sürücüsünün görüş sistemi
- Qüllə sürüşmə bilərziyi/Qüllə fırlanma mexanizmi (Kule Kayar Bileziği)
Davamlılıq
- “Akkor” Aktiv Mühafizə Sistemi
- Tank komanda-nəzarət rabitə informasiya sistemi;
- LİAS-100 Lazer Xəbərdarlıq Sistemi
- “Örümcek” Yaxın Məsafədən Müşahidə Sistemi
- Rabitə Sistemi
- Daxili Xəbərləşmə Sistemi
Dəyanət Ağalarlı
Ordu.az